“Çox vacib oyundur. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmasa da, oyunun gedişatında fərqli rotasiyalar edən bir komandaya qarşı oynayacağıq.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Niderland "Ayaks"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə,
Hər bir halda qalib gəlmək istəyən rəqib var və onların bu oyuna ciddi hazırlaşdıqlarını yaxşı bilirik. Məşqlərini də fərqli məkanda edirlər. Biz isə çalışacağıq ki, istəkli futbol sərgiləyək, daha yaradıcı olaq və oyuna maksimum yanaşaq. Rəqibin müxtəlif rotasiyalar edəcəyini gözləyirik.”
- Çoxları "Ayaks"a 3 xal gözü ilə baxır. Bu, komandaya müsbət, yoxsa mənfi təsir edir?
- Ən təhlükəlisi də bu cür yanaşmadır. İstənilən komandanın xalı çox ola bilər və ya olmaya bilər. Biz də Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. "Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Çalışıb düzgün və intizamlı oynamalıyıq. Qarşımızda "Ayaks" var.
- Niderland mətbuatı "Qarabağ"ı üstün hesab edir...
- Buna azərbaycanlı kimi sevinə bilərəm. Əgər "Qarabağ"ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmalı deyil. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir.
- "Ayaks"ın sistemində dəyişikliklər olduğunu dediniz. Buna necə hazırlaşmısız?
- Oyunun gedişatında sistemdə dəyişikliklər edirlər. Bunu ilk dəqiqlərdən də edə bilirlər. Hücum xəttində fərqli sistem qururlar. Futbolçularımın oyunun gedişatında çox diqqətli olması lazımdır. Biz daha çox aktiv futbol oynamaq, rəqibə təzyiq göstərmək istəyirik. Sistemdə dəyişiklik olsa, futbolçularım bunu dərhal hiss etməlidir. Düşüncələr yalnış olmamalıdır. Olsa, qapıda təhlükə ola bilər.
- "Qarabağ" Türkiyədə "Napoli" ilə matçda da favorit göstərilirdi. Hədəflərinizin neçə faizini etmisiz?
- Düşündüyümüz nəticəni etmişik və ya etməmişik, bunu demək çətin olar. "Benfika" ilə matçda Liqa mərhələsində ilk qələbəmizi qazandıq. Bunu yenilik kimi qəbul etdik. Sonra 2-ci qalibiyyət oldu. "Çelsi" ilə matçda da bərabərlik qeydə alındı. Ümumi götürsək, çox yaxşıdır, gözəl nəticədir. Amma biz dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək, güvənli olmaq istəyirik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Minimumu əldə saxlayıb, artığını etməlisən. Bu günə kimi olan oyundan, nəticədən, futbolçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli komanda olmaq üçün yenə nəticə vermək lazımdır.
- Ötən mövsümkü "Ayaks"la indiki komandanı müqayisə edəndə ortaya hansı fərqlər çıxır?
- Futbol dedikdə həmişə "Ayaks" öndə olub. Onların oyun sistemi, oyun fəlsəfəsi, ələlxüsus da uşaq akademiyası həmişə tanınıb. "Ayaks" dedikdə Yohan Kroyf yadımıza düşür. Bugünkü baxımlı futbolun banisi odur. Belə dahi futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, sistem həmişə qalacaq. Bəzi xırda detallar daim oyunun gedişatında olur. Biz heç vaxt onları düşünərək, oyuna hazırlaşmalı deyilik. "Ayaks"a qarşı oynayırıq. Qarşımızda çox ciddi komanda var.
- "Qarabağ"ın ÇL-dəki hər oyunundan sonra dünya mətbuatında çox işıqlandırılır, transfer şayiələri ortaya çıxır. "Qarabağ" qışda heyəti qoruyacaq, yoxsa oyunçuları satmağı planlaşdırırsız?
- İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun.











































































