"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasında XV turun "Kəpəz"lə oyunundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, gürcüstanlı mütəxəssis öncə görüş haqqında fikirlərini bölüşüb:
- "Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Oyun haqda nə deyə bilərəm? Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə qırmızı vərəqə almaq olar? "Kəpəz"in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq. Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq.
- "Qəbələ"nin hədəfləri nədir?
- Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restrorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Həddəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz.
- İbrahim Sanqare "Zirə" ilə matçda penaltini vura bilmədi, bu gün qırmızı vərəqə aldı. Onunla bağlı fikirləriniz necədir?
- Qaydalara görə 5 futbolçu transfer edə bilərik. Buna görə də heyətimizi qorumalıyıq. Sanqareyə gəldikdə, bəli, çox səhvlər edir. Daha yaxşı olmaq lazımdır.
- Sizə elə gəlmir ki, Səlahət Ağayev rəqabətsizlikdən əziyyət çəkir?
- Komandada bütün mövqelərdə rəqabət olmalıdır. Rəqabət olmasa, inkişaf ola bilməz. Yeni qapıçı gətirməyi planlaşdırırıq.
- "Qəbələ"nin stadionunun ot örtüyü ölkədə ən yaxşılardandır. Sizcə, Yevlax şəhər stadionu Premyer Liqa səviyyəsindədir?
- Özünüz gördünüz ki, top itkiləri çox olurdu. Sadəcə, öyrəşmək lazımdır. Amma burada futbol oynamaq olar. Şamaxı stadionunda ümumiyyətlə top getmir. Ora baxanda, Yevlax şəhər stadionunun durumu yaxşıdır.
- Qış fasiləsində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?
- Bu, daxili məsələdir. Hansı mövqelərə oyunçu cəlb etmək lazım olduğunu bilirik. Bunun üzərində çalışırıq.
- Hazırda sizin üçün baş məşqçi kimi ən ağır dönəmin olduğunu demək olar?
- Bəli, demək olar. Sona qədər mübarizə aparmalıyıq. Bəzi futbolçular iki qələbədən sonra bu matça köklənə bilməmişdilər.














































































