Rusiyanın tanınmış sabiq futbolçusu Aleksandr Mostovoy Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Murad Musayevə münasibətindən danışıb.
Sportnet.az xəbər verir ki, Mostovoya “Krasnodar”ın çempionluq titulunu qoruyacağı halda Musayevə münasibətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı sual ünvanlanıb.
Keçmiş yarımmüdafiəçi bu suala sərt cavab verib: “Heç cür. Musayev mənim üçün futbol adamı olmayıb və olmayacaq. Sadəcə həyatda bəxti gətirib, qızıl dövrünü yaşayan komandaya təyin edilib. Onun yerində olan bir çox adam da eyni şeyi edərdi. Futbola bütün ömrünü həsr edən, amma heç yerə düşə bilməyən neçə-neçə insan var. ‘Krasnodar’ı isə topa necə zərbə vurmağı bilməyən adam çalışdırır. Bu necə ola bilər?”
Mostovoya Musayevin Rusiya Premyer Liqasında oktyabr və noyabr aylarının ən yaxşı məşqçisi seçilməsi də xatırladılıb. O isə bu fikirlərə də tənqidi yanaşıb: “Bəs Musayev Azərbaycana "Sabah"ın baş məşqçi postuna yollananda və heç nəyə nail olmayanda niyə onu tərifləyən olmadı? Leonid Slutski də 2017-ci ildən dünyanı gəzir, amma uğur qazana bilmir. Belə adamlar futbola soxulur, əsl futbol adamları isə kənarda qalır. 2013-cü ildə Rusiya MOİK-ini çempion edən futbolçular idi, Slutski yox. 2025-ci ildə də "Krasnodar"ı çempion edən futbolçulardır, Musayev yox".
Qeyd edək ki, Murad Musayev ötən mövsüm “Krasnodar”la birlikdə Rusiya Premyer Liqasının qalibi olub. Cari mövsümdə də komanda çempionat cədvəlinə başçılıq edir və 18 turdan sonra “Zenit”i 1 xal qabaqlayır.













































































