İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ruben Amorim ilə yollarını ayırıb.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 14 aylıq işdən sonra sonuncu oyununu “Lids Yunayted”lə 1:1 hesablı heç-heçə ilə başa vurub.
Komanda 20 turdan sonra Premyer Liqada 6-cı pillədə qərarlaşıb.
Müvəqqəti olaraq komandaya Darren Fletçer rəhbərlik edəcək. Onun ilk oyunu çərşənbə axşamı “Bernli”yə qarşı səfərdə olacaq. Rəsmi təyinat isə ehtimal ki, yayda baş tutacaq.
Qərarı klub rəhbərliyi – baş direktor Omar Berra və futbol direktoru Ceyson Uilkoks qəbul edib. Ayrılıq əsasən işgüzar münasibətlərin pozulması səbəbindən baş verib.
Amorim “Sportinq”dən “Mançester Yunayted”ə keçərkən 2027-ci ilə qədər müqavilə imzalamışdı və müqavilədə erkən ayrılmaq üçün güzəşt nəzərdə tutulmayıb. Bu səbəbdən klub portuqaliyalıya bütün məbləği ödəyəcək.
Amorim iş müddətində 3-4-3 taktikasına üstünlük verməsi və gərəkli oyunçuları transfer edə bilməməsi səbəbindən tənqid olunub. Dekabrda komanda 4-2-3-1 sistemi ilə oynayaraq “Nyukasl Yunayted”ə 1:0 qalib gəlib, sonrakı oyunlarda isə yenidən 3-4-3 taktikasına qayıdıb.
“Mançester Yunayted” Amorimi 11 milyon avroya (9,25 milyon funt/11,95 milyon dollar) “Sportinq”dən transfer etmişdi. Portuqaliyalı mütəxəssis “Sportinq”də 2021 və 2024-cü illərdə Portuqaliya çempionu olub və iki dəfə Portuqaliya Kubokunu (Taca da Liga) qazanıb.














































































