Qazaxıstanın “Kayrat” klubu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Neftçi” ilə keçirəcəyi yoxlama oyununa ciddi itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, baş məşqçi Rafael Urazbaxtinin sərəncamında 25 futbolçu olsa da, bir sıra əsas oyunçular matçda iştirak etməyəcək.
Zədə səbəbindən istedadlı futbolçu Dastan Satpayev, eləcə də Azamat Tuyakbayev və Oljas Baybek “Neftçi”yə qarşı oyunu buraxacaqlar. Bundan əlavə, artıq klubdan ayrılan Aleksandr Zarutski, Georgi Zariya və Ofri Arad da heyətə daxil edilməyib.
“Kayrat”ın baş məşqçisi yoxlama oyununda gənc futbolçulara şans verməyi planlaşdırır. Akademiyanın bir neçə yetirməsi əsas komanda ilə birgə hazırlıq prosesinə cəlb olunub və onların “Neftçi” ilə oyunda meydana çıxması istisna edilmir. Finlandiyalı yeni transfer Jaakko Oksanen də heyətdə yer alıb, lakin o, turnirin ümumi mərhələsindən əvvəl “Kayrat”da çıxış etmədiyi üçün Çempionlar Liqasında oynaya bilməyəcək. Oksanenin "Neftçi"yə qarşı matçda iştirakı istisna edilmir.
Qarşılaşma yanvarın 9-da keçiriləcək.
Qeyd edək ki, “Kayrat” yanvarın 20-də Almatıda Belçikanın “Brügge”, yanvarın 28-də isə İngiltərədə “Arsenal”la qarşılaşacaq. Komandanın pley-offa yüksəlmək şansı qalmayıb – Qazaxıstan təmsilçisi Çempionlar Liqasının turnir cədvəlində 1 xalla 36-cı pillədə qərarlaşıb.










































































