“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi".
Sportnet.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis komandanın daha yaxşı çıxış etməli olduğunu vurğulayıb: “Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına iki həftə qalır. Həm fiziki, həm də oyun kondisiyalarımızı tez bərpa etməliyik".
Baş məşqçi növbəti yoxlama oyunları barədə də məlumat verib: “Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də "Araz-Naxçıvan", yanvarın 18-də "Baku Sportinq"lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, "Qəbələ"nin növbəti yoxlama oyunları Bakıda olacaq.
















































































