Baş məşqçimiz Saşa İliçin oyunla bağlı fikirləri:
“Ötən dəfə də qeyd etdiyim kimi hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Türkiyənin Antalya bölgəsində Serbiya təmsilçisi "OFK Belqrad"a 1:4 hesabı ilə uduzduqları yoxlama matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Serbiyalı mütəxəssis bildirib ki, bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununa şahidlik ediblər: "Həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan "Pakş"ına uduzub - 1:5.














































































