“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışında Özbəkistanın “Neftçi Fərqanə” komandası üzərində 5:0 hesablı qələbə qazandıqları yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 54 yaşlı mütəxəssis hazırlıq prosesindən razılıq idadə edib.
O, komandasının üçüncü yoxlama matçını keçirməyə vaxtının olmamasından təəssüfləndiyini bildirib: “İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik, amma təəssüf ki, vaxtımız yoxdur”.
Qurbanov futbolçuların hazırkı durumuna da toxunub: “Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. İndi əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar”.
Baş məşqçi bəzi oyunçuların vəziyyəti ilə bağlı da məlumat verib: “Aleksey Kaşuk və Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir”.
Rəqib barədə danışan Qurbanov “Neftçi Fərqanə”nin oyun sistemində dəyişiklik etdiyini və bunu normal qarşıladığını vurğulayıb.











































































