UEFA, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyaları ofsayd qaydasının dəyişdirilməsi ideyasını dəstəkləməyiblər.
Sportnet.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yanvarın 20-də Londonda keçiriləcək iclasında “oyundankənar vəziyyət” qaydasına mümkün dəyişiklikləri müzakirə edəcək.
Təklifin müəllifi FIFA-nın qlobal futbolun inkişafı üzrə departamentinin rəhbəri, “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerdir. O, ofsaydın hücum edən futbolçu rəqibin sonuncu oyunçusunu bütün bədəni ilə qabaqladığı halda qeydə alınmasını istəyir. Mövcud qaydalara əsasən isə bədənin istənilən hissəsinin irəlidə olması ofsayd üçün kifayət sayılır.
Mənbənin məlumatına görə, UEFA və dörd Britaniya federasiyası bu dəyişiklikləri həddindən artıq radikal hesab edir və bunun komandaların daha dərin müdafiəyə çəkilməsinə səbəb olacağını düşünür. Onlar kompromis variant kimi ofsaydın müəyyənləşdirilməsində hücumçunun yalnız bədəninin üst hissəsinin (torso) nəzərə alınmasını, ayaq və başın isə hesaba qatılmamasını təklif ediblər.
Qeyd edək ki, mümkün dəyişiklik dərhal tətbiq olunmayacaq. Qaydanın qüvvəyə minməsi üçün əvvəlcə test mərhələsindən keçməsi tələb olunur və bu səbəbdən yeniliyin ən tez 2026-cı il dünya çempionatından sonra tətbiq edilə biləcəyi bildirilir.











































































