“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda aparılan bütün bərpa və baxım işlərinə baxmayaraq, bölgədə müşahidə olunan yağıntılı və qeyri-sabit hava şəraiti səbəbindən arenanın ot örtüyünü oyunların keçirilməsi üçün hazır vəziyyətə gətirmək mümkün olmayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun müraciəti əsasında stadiondakı vəziyyət Peşəkar Futbol Liqası (PFL) tərəfindən analiz olunub və müvafiq addımlar atılıb.
"Turan Tovuz”un müraciəti və “Qarabağ”ın razılığını nəzərə alaraq PFL “Turan Tovuz”un ev oyunlarının “Azersun Arena”da keçirilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, ardıcıl oyun və məşqlər qrafikinə uyğun olaraq “Azersun Arena”nın həddindən artıq yüklənməsi və meydana çıxması real görünən problemin qarşısını almaq məqsədilə Premyer Liqanın XVII turunun yanvarın 25-də keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili qərara alınıb. Həmin qarşılaşmadan sonra “Turan Tovuz” Azərbaycan Kuboku və Premyer Liqada nəzərdə tutulan ev oyunlarını “Azersun Arena”da keçirməyə başlayacaq.
Klubun Tovuz şəhər stadionuna qayıdışı 20-22 martda keçiriləcək Premyer Liqanın XXV tur oyununa planlaşdırılır. Bununla belə, sözügedən qarşılaşmadan əvvəl PFL-in işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək. Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.
Açıqlanmış oyunların başlama saatları ilə bağlı hər hansı dəyişiklik olmayacaq.











































































