Almaniyanın "Ayntraxt" komandasının yeni məşqçilər heyətində yer alan Aleksander Mayer "Qarabağ" üçün arzuolunmaz sima sayılır.
Sportnet.az-ın məlumatına görə, hazırda 43 yaşında olan mütəxəssis 2013/2014 mövsümündə iki komanda arasında keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin hər iki görüşündə forma geyinib.
Həmin vaxt Mayer Frankfurt təmsilçisinin kapitanı olub. Hücumçu 2023-cü il avqustun 22-də "Ayntraxt"ın Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldiyi ilk matçda 6-cı və 75-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. Avqustun 29-da Frankfurtda baş tutmuş cavab görüşündə isə Azərbaycan klubu 1:2 hesabı ilə uduzub. Bu dəfə rəqibin ilk qoluna 10-cu dəqiqədə Mayer imza atıb. Beləliklə, o, "Ayntraxt"ın "Qarabağ"ın qapısından keçirdiyi 4 topdan 3-nün müəllifi olub.
Ümumilikdə isə Mayer bu klubda 2004 - 2018-ci illərdə çıxış edib və 336 oyunda 119 qol vurub.
Yanvarın 18-də "Ayntraxt" rəhbərliyi Dino Topmölleri baş məşqçi postundan istefaya göndərib. Franktfurt təmsilçisinə rəhbərlik gənclərdən ibarət komandanın baş məşqçisi Dennis Şmitt və U-19 komandasının məşqçisi Aleksander Mayerə tapşırılıb. Lakin aparıcı rolu Şmitt oynayacaq.
Qeyd edək ki, yeni məşqçilər heyətinin ilk sınağı yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında "Qarabağ"a qarşı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.












































































