UEFA Çempionlar Liqasında mövsümün ikinci yarısına start verilib.
Sportnet.az-ın məlumatına görə, əsas mərhələnin VII turunun ilk oyun günündə 9 görüş keçirilib.
Qarşılaşmaların bir neçəsində gözlənilməz nəticələr qeydə alınıb.
Çempionlar Liqasının son qalibi Fransa PSJ-si Portuqaliyada "Sportinq"ə 1:2, finalçı "İnter" isə İtaliyada İngiltərə "Arsenal"ına 1:3 hesabı ilə uduzub.
Beləliklə, "Arsenal" 7 oyundan maksimum sayılan 21 xalla vahid liderliyini möhkəmlədib və 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib.
Daha bir gözlənilməz nəticə İngiltərənin "Mançester Siti" komandasının Norveçdə "Budö Qlimt"ə məğlubiyyəti olub - 1:3.
Ötən tur Bakıda "Qarabağ"a qalib gəlmiş Niderland "Ayaks"ı bu dəfə İspaniyada "Vilyarreal"ı 2:1 hesabı ilə yenərək, xalını 6-ya çatdırıb.
II turda Azərbaycan təmsilçisinin məğlub etdiyi "Kopenhagen" Danimarkada İtaliya "Napoli"si ilə lə 1:1 hesablı heç-heçə edib. Nəticədə hər iki komanda xalını 8-ə çatdıraraq, "24-lük"də mövqelərini qoruyub.
"Olimpiakos" isə Yunanıstanda Almaniyanın "Bayer Leverkuzen" komandasını 2:0 hesabı ilə yenərək, 8 xalla 22-ci pilləyə yüksəlib.
Əvəzində 7 xala malik "Qarabağ" 3 pillə geriləyib və 25-ci mövqeyə enib. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə pley-offa vəsiqə verən "24-lüy"ə qayıtmaq üçün bu gün Almaniya "Ayntraxt"ı ilə qarşılaşmada heç-heçə də kifayət etməyə bilər.
Gecənin ən böyük hesablı qələbəsi isə İspaniya paytaxtında qeydə alınıb. Yeni baş məşqçi Alvaro Arbeloa "Real Madrid"in sükanı arxasında çıxdığı ilk Çempionlar Liqası matçında Fransa "Monako"sunu darmadağın edib - 6:1. İlk 2 qolu Kilian Mbappe vurub.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
20 yanvar
19:30. "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika) - 1:4
Qollar: Adilet Sadıbekov, 90+2 - Aleksandar Stankoviç, 32. Hans Vanaken, 38. Romeo Vermant, 74. Brendon Mexele, 84
21:45. "Budö Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə) - 3:1
Qollar: Kasper Höq, 22; 24. Yen Petter Höuqe, 58 - Rayan Şerki, 60
Qırmızı vərəqə: Rodri, 62 ("Mançester Siti")
00:00. "Real Madrid" (İspaniya) - "Monako" (Fransa) - 6:1
Qollar: Kilian Mbappe, 5; 26. Franko Mastantuono, 51. Tilo Kerer, 55 (öz qapısına). Vinisius Junior, 63. Cud Bellingem, 80 - Cordan Teze, 72
00:00. "İnter" (İtaliya) - "Arsenal" (İngiltərə) - 1:3
Qollar: Petar Suçiç, 18 - Qabriel Jezus, 10; 31. Viktor Dökeşer, 84
00:00. "Sportinq" (Portuqaliya) - PSJ (Fransa) - 2:1
Qollar: Luis Suares, 74; 90 - Xviça Kvaratsxeliya, 79
00:00. "Tottenhem" (İngiltərə) - "Borussiya Dortmund" (Almaniya) - 2:0
Qollar: Kristian Romero, 14. Dominik Solanke, 37
Qırmızı vərəqə: Daniel Svensson, 24 ("Borussiya Dortmund")
00:00. "Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland) - 1:2
Qollar: Tani Oluvaseyi, 49 - Oskar Qlux, 61. Oliver Edvardsen, 90
00:00. "Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya) - 1:1
Qollar: Cordan Larsson, 72 - Skott MakTominey, 39
Qırmızı vərəqə: Tomas Dileyni, 35 ("Kopenhagen")
İstifadə olunmamış penalti: Cordan Larsson, 72 ("Kopenhagen")
00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya) - 2:0
Qollar: Koştinya, 2. Mehdi Taremi, 45+1
Xatırladaq ki, "Qarabağ" yanvarın 21-də Almaniya "Ayntraxt"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.















































































