İngiltərənin “Mançester Siti” komandasının futbolçuları “Budö Qlimt”lə Norveçdəki UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında iştirak etmiş azarkeşlərə bilet pullarını geri qaytaracaqlar.
Sportnet.az-ın "Manchester Evening News"a istinadən məlumatına görə, bu, "şəhərlilər"in 1:3 hesablı gözlənilməz məğlubiyyəti ilə əlaqədardır.
Futbolçular azarkeşlərə ünvanladıqları açıqlamada onların klub üçün xüsusi önəm daşıdıqlarını bildiriblər: “Azarkeşlərimiz bizim üçün hər şeydir. Onların bizi evdə və səfərdə dəstəkləmək üçün dünyanı dolaşarkən nələrdən keçdiklərini bilirik və bunu heç vaxt adi hal kimi qəbul etməyəcəyik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Həmçinin anlayırıq ki, Budöyə gələn azarkeşlərimiz bizim üçün çətin bir axşamda soyuq havada uzun yol qət ediblər. Bilet pullarının qaytarılması edə biləcəklərimizin minimumudur”.
“Mançester Siti”nin futbolçuları azarkeşlərə ümumilikdə 9 357 funt sterlinq (10 760 avro) məbləğində vəsaiti geri qaytaracaqlar.













































































