FIFA-nın sabiq prezidenti Yozef Blatter ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətinə görə 2026-cı ildə keçiriləcək dünya çempionatının azarkeşlər tərəfindən boykot edilməsi təklifini dəstəkləyib.
Sportnet.az xəbər verir ki, bundan əvvəl FIFA-nın Müstəqil İdarəetmə Komitəsinə rəhbərlik etmiş isveçrəli hüquqşünas Mark Pit Tages-Anzeiger nəşrinə müsahibəsində azarkeşləri “ABŞ-yə getməməyə” və dünya çempionatının oyunlarını televiziya vasitəsilə izləməyə çağırıb.
Pit bildirib ki, ABŞ-yə səfər edən azarkeşlər hakimiyyət orqanları ilə münasibətlərdə ehtiyatlı olmalıdırlar: “Azarkeşlər bilməlidirlər ki, onlar yerli hakimiyyətlə düzgün davranmasalar, dərhal ölkədən çıxarıla bilərlər. Ən yaxşı halda”.
89 yaşlı Yozef Blatter də bu mövzuya münasibət bildirərək sosial şəbəkədə yazıb: “Azarkeşlərə yalnız bir məsləhətim var: ABŞ-dən uzaq durun! Düşünürəm ki, Mark Pit bu dünya çempionatını şübhə altına almaqda haqlıdır”.
Qeyd edək ki, Yozef Blatter 1998 – 2015-ci illərdə FIFA-nın prezidenti olub. O, 2015-ci ildə korrupsiya qalmaqalı fonunda vəzifəsini tərk edib. Həmin ilin dekabrında FIFA-nın Etika Komitəsinin Arbitraj Palatası Blatteri və o vaxt UEFA prezidenti olmuş Mişel Platinini 8 il müddətinə futboldan kənarlaşdırıb. Sonradan Blatterin cəzası 6 ilə, Platininki isə 4 ilə endirilib.















































































