“Əsas mərhələdən çıxmağın nə qədər çətin olduğunu bilən bir komanda varsa, o da bizik".
Sportnet.az-ın məlumatına görə, bunu Fransanın PSJ komandasının baş məşqçisi Luis Enrike Çempionlar Liqasında əsas mərhələnin son turunda “Park de Prens” stadionunda İngiltərə “Nyukasl”ı ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
İspaniyalı mütəxəssis mümkün rəqiblər barədə də danışıb: "Monako" və ya "Qarabağ"la oynamağa hazırıq. Ümid edirəm ki, Fransa komandası olmaz, çünki fransızlarla oynamaqdan yorulmuşuq. Daha yaxşı olar ki, "Qarabağ"la oyuna gedək və başqa ölkənin komandası ilə qarşılaşaq. Biz çətin səfər oyunlarına öyrəşmişik və qarşıda hələ yaxşı anlarımız olacaq. Bəzi futbolçular geri qayıdacaq, baxmayaraq ki, bu gün daha bir vacib oyunçumuz zədələndi. Təəssüf doğurur, amma bunu qəbul etməliyik”.











































































