Almaniyanın “Ayntraxt” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az Frankfurt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə ispaniyalı Albert Riera təyin olunub.
43 yaşlı mütəxəssis fevralın 2-də vəzifəsinin icrasına başlayacaq. Onun “Ayntraxt”la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.
Riera son olaraq Sloveniyanın yüksək liqa klubu “Tsele”də uğurlu fəaliyyət göstərib. Mütəxəssisin rəhbərliyi altında komanda ilk mövsümdə ölkə kubokunu qazanıb, cari mövsümdə isə ən yaxın rəqibini 12 xal qabaqlayaraq turnir cədvəlinə liderlik edir. Bundan başqa, "Tsele” Rieranın rəhbərliyi ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. Bu mövsüm mübarizəyə Avropa Liqasından başlamış "Tsele" I təsnifat mərhələsində "Sabah"ı üstələyib - 2:3; 3:2 (əlavə vaxt - 1:0).
İspaniyalı mütəxəssis baş məşqçi kimi ilk uğurunu 2023-cü ildə “Olimpiya” (Sloveniya) ilə əldə edib və həmin mövsümdə ölkə çempionluğu və kubokunu qazanaraq "qızıl dubl" edib. O, 2023/2024 mövsümündə Fransa “Bordo”suna da rəhbərlik edərək, beynəlxalq təcrübə qazanıb.
Riera ilə yanaşı, köməkçi məşqçilər Pablo Arteta və Lorenzo Dolçetti də “Ayntraxt”a qoşulacaq.
Hazırda “Ayntraxt” Almaniya Bundesliqasında 19 turdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində 33-cü yeri tutaraq pley-offa yüksələ bilməyib. VII turda "Qarabağ" "Ayntraxt"ı Bakıda 3:2 hesabı ilə məğlub edib.











































































