UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq İngiltərənin "Nyukasl" komandasında xeyli zədəli futbolçunun olduğu üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Liverpul"a qarşı bu gün keçiriləcək XXIV tur oyunu ərəfəsində açıqlama verilib.
Müdafiəçilərdən Fabian Şer yanvarın əvvəllərində “Lids Yunayted”lə matçda topuq bağlarından zədə alıb və qeyri-müəyyən müddətə komandasına kömək edə bilməyəcək.
Emil Kraft da “Liverpul”la görüşü buraxacaq. Müdafiə xəttindəki ciddi problemlər fonunda onun yoxluğu “Nyukasl” üçün əlavə itki hesab olunur.
Tino Livramento bu ayın əvvəlində “Bornmut” üzərində qələbə zamanı bud əzələsindən zədələnib. Baş məşqçi Eddi Hounun sözlərinə görə, futbolçu 5–6 həftə yaşıl meydanlardan uzaq qalacaq və martda qayıdışı gözlənilir.
Joelinton qasıq nahiyəsindən aldığı zədə səbəbindən bir neçə həftə forma geyinə bilməyəcək. Hounun təsdiqlədiyinə görə, braziliyalı yarımmüdafiəçi “Liverpul”la oyunda iştirak etməyəcək.
Ceykob Mörfinin durumu sual altındadır. O, son oyunda ehtiyat oyunçular skamyasında yer alsa da, meydançaya çıxmayıb. Klub futbolçunun dönüşündə ehtiyatlı davranır.
Bruno Gimaraynş isə topuq zədəsindən əziyyət çəkir. Braziliyalı orta sahə oyunçusu son matçları buraxıb və onun “Enfild”də keçiriləcək matçda iştirakı sual altındadır.
Hücumçu Uilyam Osula da matça şübhəli statusu ilə hazırlaşır. Danimarkalı forvard son görüşdə heyətə daxil edilsə də, oynama şansı qazanmayıb. Qeyd edək ki, Osula avqustda “Liverpul”a qarşı I dövrənin oyununda fərqlənmişdi.
Qeyd edək ki, "Liverpul" - "Nyukasl" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. "Nyukasl" "Qarabağ"la ilk oyununu fevralın 18-də Bakıda, cavab görüşünü fevralın 24-də öz meydançasında keçirəcək.













































































