Lvovun “Karpatı” klubunda kapitan dəyişikliyi baş verib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın futbolçusu Denis Miroşniçenko rus dilində danışdığı üçün kapitanlıq sarğısından məhrum edilib.
Hadisə komandanın təlim-məşq toplanışı zamanı yaşanıb. İsveçin GAIS klubu ilə yoxlama oyunundan əvvəl həmin vaxt “Karpatı”nın kapitanı olan Miroşniçenko komanda yoldaşlarına rus dilində müraciət edib və bu məqam televiziya yayımına düşüb.
Matçdan sonra klub rəsmi açıqlama yayıb və bildirilib ki, Denis Miroşniçenkonun davranışı ilə əlaqədar komandada yeni kapitan seçiləcək.
Komandadaxili səsvermənin nəticəsinə əsasən, Lvov klubunun yeni kapitanı Moldova millisinin müdafiəçisi Vladislav Baboqlo olub.
Qeyd edək ki, 11 oktyabr 1994-cü ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olan Denis Miroşniçenko karyerası ərzində “Karpatı”dan başqa “Dnepr-1”, “Krivbass” və “Aleksandriya” klublarında çıxış edib, həmçinin Ukraynanın U-19 və U-21 yığmalarında oynayıb.
Hazırda “Karpatı” Ukrayna Premyer Liqasında 16 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.














































































