"Məni qayğılandıran bir məsələ də bu mövsüm də çempion olmağımızdır. Bu, yüz faiz belədir".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın Azərbaycan Premyer Liqasındakı durumu barədə danışarkən deyib.
O bildirib ki, klubun hədəfi Avropada yüksək nəticələr göstərmək üçün mübarizə aparmaqdan ibarətdir, mütləq bir tərəfdən itki olacaq: "Bu, bir faktdır. Biz bunu qəbul edək ki, həm xaricdəki, həm də daxildəki oyunlar "Qarabağ", oyunçularımız üçün çox ağırdır. Hər 3-4 gündə bir oyun keçiririk. Ona görə də bunun təsiri var. Digər tərəfdən, yerli komandalarımızda möhtəşəm inkişaf var. "Sabah"ın özü də bir möcüzədir. İndi möhtəşəm kollektiv qurublar. Doğrudan da çox ağır, güclü rəqibdir. O cümlədən, "Neftçi"nin, "Zirə"nin özü".
Bununla yanaşı, "Qarabağ"ın prezidenti infrastruktur problemlərinə diqqət çəkib: "Mən baxıram, artıq Azərbaycan Premyer Liqasında keyfiyyət artır. Bizim səviyyəmiz yüksəlir. Amma Quba Olimpiya İdman Kompleksinin stadionunun vəziyyətini görəndə insan bir az üzülür. Hamımız başa düşməliyik ki, Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur olmalıdır. Hətta sizə deyim ki, qarşıdakı 3 ildə "Qarabağ"ın planında yaxşı oyunçular gətirməklə yanaşı, milyonlar xərcləyərək, klubumuza, Azərbaycana yaraşan çox güclü infrastruktur quraq. Bu, olmalıdır. Digər klublar da buna səy göstərməlidir".














































































