UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyanın "Benfika" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş ilk oyunla bağlı intizam araşdırmasına start verilib.
Sportnet.az-ın "Madrid Universal"a istinadən məlumatına görə, qurum braziliyalı hücumçu Vinísius Juniora qarşı səsləndirildiyi iddia olunan irqçi təhqirlərlə bağlı epizodu araşdırır.
UEFA insidentdə adı hallanan bütün şəxslərin izahatını alacaq.
Madrid klubunun hücumçusu Kilian Mbappe matçdan sonra açıqlamasında Lissabon təmsilçisinin yarımmüdafiəçisi Canluca Prestianninin irqçi ifadələr işlətdiyini deyib. Lakin sübutlar tapılmayacağı təqdirdə, hər hansı sanksiya tətbiq olunmayacaq.
Lissabonda keçirilmiş görüş Madrid təmsilçisinin minimal – 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Vinisius vurub. Qarşılaşmanın ikinci hissəsində braziliyalı futbolçunun baş hakim Fransua Leteksyöyə müraciətindən sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb.
Komandalar arasında cavab matçı fevralın 25-də Madriddə keçiriləcək.














































































