“Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi seriyasını yubiley həddinə XXI turda çatdırıb.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni 3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” çempionatda ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8 klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə 18-cidir.
“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalib gəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”, “Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə “Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədə çatdırıb.
Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”ın qonağı olacaq.
















































































