İngiltərə "Nyukasl"ının futbolçusu Ceykob Mörfi “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi iddialı açıqlamalar verib.
Sportnet.az-ın məlumatına görə, sağ cinah oyunçusu ilk matçdakı 6:1 hesablı qələbədən sonra komandasının növbəti mərhələyə yüksəlmək üçün böyük şans qazandığını bildirib.
Mörfi Bakıda 72-ci dəqiqədə vurduğu baxımlı qolun onun üçün xüsusi əhəmiyyət daşıdığını gizlətməyib: “Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi. Debüt etdikdən sonra ilk qolumu nə vaxt vuracağımı düşünürdüm. Nəhayət, buna nail oldum. Bu, inanılmaz hiss idi”.
31 yaşını qeyd etməyə hazırlaşan Mörfi komandanın doğma stadionda oynamasının üstünlük olduğunu deyib: “Ardıcıl səfər oyunlarından sonra yenidən öz stadionumuza qayıtmaq çox xoşdur. Azarkeşlərimizin qarşısında oynamaq bizə daha da motivasiya verir. Bilirik ki, hələ görüləsi iş var”.
O, 1/8 final mərhələsinə yüksəlməyin komanda üçün yeni mərhələ olacağını qeyd edib: “Bu, möhtəşəm olar. Son illərdə müxtəlif yollarla yeni zirvələr fəth etmişik. Çempionlar Liqasında bunu davam etdirmək istəyirik”.
Mörfi əlavə edib ki, Bakıda nümayiş etdirilən aqressiv və hücumameylli oyun komandanın real gücünü göstərib: “Aqressiv və ön xəttdə oynayanda nəyə qadir olduğumuzu göstəririk. Çempionlar Liqasında indiyədək özümüzü yaxşı tərəfdən göstərmişik”.
Qeyd edək ki, fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cütün qalibi növbəti raundda İspaniyanın "Barselona" və ya İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.

















































































