UEFA Portuqaliya “Benfika”sının futbolçusu Canluka Prestianni barədə müvəqqəti qərar qəbul edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında fevralın 17-də İspaniya "Real Madrid"inə qarşı keçirilmiş ilk pley-off oyunu zamanı baş verdiyi iddia olunan ayrı-seçkilik xarakterli davranışla bağlı araşdırma başlanılıb.
Bu məqsədlə UEFA-nın Etika və İntizam Müfəttişi (EDI) təyin edilib.
Müfəttişin aralıq hesabatı əsasında UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi (CEDB) Prestianninin UEFA klub turnirlərində növbəti bir oyunda iştirakını müvəqqəti dayandırıb. Qərar UEFA-nın İntizam Reqlamentinin 14-cü maddəsinin – ayrı-seçkilik xarakterli davranışla bağlı müddəasının ilkin pozuntusu ehtimalına əsaslanır.
Bildirilib ki, bu qərar yekun deyil və araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanları əlavə qərar qəbul edə bilər.
Məsələ ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, "Real Madrid" ilk matçda "Benfika"nı səfərdə Vinisius Juniorun qolu ilə məğlub edib - 1:0. Braziliyalı hücumçu qoldan sonra Canluka Prestianninin irqçi təhqirlərinə məruz qaldığını bildirib. Cavab görüşü martın 25-də Madriddə olacaq.

















































































