"Çox söz deyəsi bir şey yoxdur. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Biz isə ilk 10 dəqiqəni çox pis keçirdik. Buraxdığımız iki lüzumsuz qoldan sonra belə bir rəqiblə oyunda tarazlığı bərpa etmək çətin idi. Hər halda, ikinci qoldan sonra bir neçə imkan yaratdıq. Yararlana bilsəydik, fikrimcə, başqa cür oyun ola bilərdi. İkinci hissənin əvvəllərində yenə öz qapımıza qol vurduq. Nəticədə komanda psixoloji problemlər yaşadı. Üstəlik, rəqib müdafiədə çox yaxşı, diqqətli oynayır. Belə müdafiəni yarmaq çox çətin idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze evdə "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV turundan təxirə salınmış oyun barədə danışarkən deyib.
Gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Həmişəki döyüşkən, mübariz "Qəbələ"ni görmədik. Sanki elə görünürdü ki, daha çox "Karvan-Yevlax"la oyunu düşünürdünüz. Demək olarmı ki, bu, mövsüm başlayandan bəri ən pis oyununuz idi?
- Əlbəttə, hər bir oyun çox vacibdir. Amma düşünürəm ki, "Karvan-Yevlax"la oyun final kimidir.
- Prins Ovusunun ehtiyatda saxlanılması nə ilə əlaqədar idi?
- Ovusu çox gəndir və xeyli oyunda çıxış edib. Demək olar ki, oyunlarını əvəzlənmədən keçirib. Hər dörd gündən bir çıxış etmək çətin idi. Biz də rotasiya etməyə çalışdıq. Bəziləri özlərini yaxşı, bəziləri isə əksinə göstərdi. Belə sıx qrafik olduqda mütləq pauza vermək, hansısa rotasiyalar etmək lazımdır ki, futbolçular istirahət edə bilsinlər. Təəssüf ki, bu gün bizdə alınmadı. Bəzi futbolçulara istirahət verdik. Çünki onlar çox oynamışdılar. Bu, dəqiqdir. Start heyətində çıxmaq futbolçular üçün motivasiyadır. Onlar oynamalı, özlərini göstərməlidirlər. Mən bəzi futbolçuları başa düşmürəm. Hər dəfə meydançaya start heyətində çıxdıqda özlərini sübut etməlidirlər. Təəssüf ki, bunu göstərə bilmədilər. Bütün mövsümü eyni "11-lik"lə oynamaq mümkün deyil. Onlar çıxıb özlərini göstərməlidirlər. Nəyə görə komandadadırlar? Komandaya fayda vermək üçün. Buna görə əmək haqqı alırlar. Lakin əfsuslar olsun ki, bu gün bunu görmədik. Məsələn, ötən tur kapitan Murad Musayev start heyətində deyildi, amma bu gün səhvsiz, daha yaxşı oynadı. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidirlər. Daimi heyətlə çıxış edəndə zədə də olur, vərəqə cəzaları da. Əlbəttə, bunu nəzərə alacağıq.
- Yerlilərlə yanaşı, legionerlər də oruc tuturlar. Bu, komandanın çıxışına necə təsir edir?
- Bu məsələyə heç kim qarışa bilməz, futbolçunun özündən asılıdır. Təəssüf ki, futbolçuya "orucunu poz" deyə bilmərəm. Bildiyim qədərilə, bəzən oyun günləri kimlərsə oruc tutmur. Üzr istəyirəm, bu, fərdi məsələdir, futbolçuların özləri həll etməlidirlər. Aydın məsələdir ki, yemək yemədikdə və içmədikdə özləri üçün çətin olur. Lakin buna qarışmaq mümkün deyil.
- "Karvan-Yevlax" avqustdan bəri qələbəyə həsrət qalan komandadır. "Qəbələ" isə nəticələrinə əsasən, daha güclüdür. Belə bir kollektivlə oyunu finala bərabər adlandırmaq nə dərəcədə düzgündür?
- Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. "Karvan-Yevlax" çox yaxşı komandadır. Xallar qazanmasalar belə, çalışıb-vuruşurlar. Çox ciddi oyun olacaq. İlk növbədə, yaxşı bərpa olunmalı və bu oyuna çox ciddi yanaşmalıyıq. Əslində, hər bir oyuna yanaşma ciddi olmalıdır. Amma qarşıdakı görüşə xüsusən diqqətlə yanaşmalı və həmişə öz oyunumuzu sərgiləməyə çalışmalıyıq. İndi buraxdığımız səhvlərə növbəti oyunlarda yol verməməliyik.
- Cəza üzündən texniki zonada yer almadığınız 4 oyunda özünüz üçün hansı dərsi çıxardınız?
- Mən artıq dərs çıxarmışam. Həmişə texniki zonada olmağa çalışacağam (gülür - red.).















































































