Türkiyə Futbol Federasiyası (TFF) 2026/2027 mövsümü üçün Superliqada legioner limitini rəsmən açıqlayıb.
Sportnet.az xəbər verir ki, yeni qaydalarda türkdilli ölkələrdən olan futbolçulara aid xüsusi detal da yer alıb.
2023/2024 mövsümündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı kimi Superliqa klublarının sifariş ərizəsinə daxil edilmiş futbolçular əvvəlki hüquqlarını müqavilələrinin sonuna qədər qoruyacaqlar.
Bu oyunçular mövcud anlaşmaları başa çatanadək xüsusi statusla A komanda siyahısında yer ala biləcəklər və yeni legioner limitinə tam şəkildə daxil edilməyəcəklər.
Lakin müqavilə müddəti başa çatdıqdan sonra həmin üstünlük ləğv olunacaq. Futbolçular yeni müqavilə imzalayacaqları və ya başqa kluba keçəcəkləri halda artıq adi legioner statusunda qeydiyyata alınacaqlar.
TFF-nin yeni qərarına əsasən, Superliqa klubları A komanda siyahısına maksimum 14 xarici futbolçu daxil edə biləcək. Həmin legionerlərdən 10-u üçün yaş məhdudiyyəti tətbiq olunmayacaq. Qalan ən azı 4 futbolçunun isə 1 yanvar 2003-cü il və ya daha sonrakı tarixdə anadan olması tələb ediləcək.
Əvvəlki qaydalarda bu meyar 1 yanvar 2004-cü il kimi göstərilmişdi. Beləliklə, federasiya yaş limitində bir illik dəyişiklik edib.
Yeni əsasnaməyə əsasən, Superliqa klubları A komanda siyahısına maksimum 28 futbolçu daxil edə biləcək. Siyahıda ən azı 14 futbolçunun Türkiyə millisində oynamaq hüququna malik olması məcburi olacaq.







































































