"Qarabağ"ın futbolçusu Emmanuel Addai Qana yığmasının heyətində 2026-cı il dünya çempionatında çıxış etmək istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi "OnuaSports"a açıqlamasında bildirib.
"Ümid edirdim ki, Afrika Millətlər Kubokunda iştirak şansım olar. Təəssüf ki, bu dəfə vəsiqə qazana bilmədik, amma qarşıda dünya çempionatı da var. İl ərzində hər şeyin yaxşı alınmasını arzulayıram. Milliyə dəvət alsam və ölkəmi təmsil etsəm, bu mənim üçün hər şey demək olar", - deyə Addai vurğulayıb.
O, hələlik millinin məşqçilər heyətindən heç bir mesaj almadığını və onlarla birbaşa ünsiyyətdə olmadığını söyləsə də, ümidini itirmədiyini əlavə edib: "İnanıram ki, məni görüblər. Hər şeyin bir səbəbi var, hər şey doğru zamanda baş verir. Ona görə də mən zamanımı gözləyirəm. Tələsmirəm — əsas məqsədim bütün il ərzində əla mövsüm keçirmək və müxtəlif istiqamətlərdə inkişaf etməkdir".
Addai öz ölkəsi üçün nə isə etmək istədiyini bildirib: "Uşaqlıqdan onları izləyərək böyümüşəm — xüsusilə Afrikada finalları uduzduqları anları. Bu, mənə təsir edirdi. Doğrudan da xalqım üçün nə isə etmək, insanları sevindirmək istəyirəm. Söhbət təkcə xaricdə klublarda oynamaqdan, karyera qurmaqdan və pul qazanmaqdan getmir. Əlbəttə, bunlar gələcəyim üçün vacibdir. Amma istəyirəm ki, insanlar məni yalnız xaricdə uğur qazanan futbolçu kimi yox, həm də öz ölkəsi üçün nə isə etmiş bir oyunçu olaraq, xatırlasınlar. Mən həqiqətən Qananı sevirəm. Doğrudan da çox sevirəm".
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ilin avqustunda "Qarabağ"la 2 illik müqavilə bağlayıb. Qana millisi dünya çempionatında İngiltərə, Xorvatiya və Panama ilə birlikdə L qrupunda mübarizə aparacaq.










































































