"Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Kəpəz"ə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçının ardından mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, serbiyalı mütəxəssis sualları cavablandırmamışdan əvvəl oyunu dəyərləndirib:
- Rəqibi təbrik edirəm. Bu, mənim gəlişimdən sonra komandamız üçün ən pis ilk yarı oldu. Belə asan qollar buraxdığımıza inana bilmirəm. Fasilədən sonra yaxşı bir qədər yaxşı başlamışdıq. Lakin Nikola Ninkoviçin ikinci sarıdan qırmızı vərəqə alaraq, meydançanı tərk etməsi oyuna təsirini göstərdi.
- Son 8 oyunda cəmi 1 qələbə qazanmısınız. Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldəcəyinizə inanırsınız?
- Daha yaxşı oynamağa çalışacağıq. Aleksandr Ramalinqomun cəzasının bitiminə 1 oyun qalıb. Qarşıda bizi Azərbaycan Kubokunda "Zirə"yə qarşı 1/4 final mərhələsinin cavab görüşü gözləyir. Yenə də mövcud futbolçularla davam edəcəyik.
- Aleksa Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədar idi və bu, nəticəyə təsir etdimi?
- Yankoviç xəstələnmişdi, yüksək temperaturu var idi. Buna görə də iki məşqdə iştirak etmədi və oynamadı.
- Nikola Ninkoviçi komandanı pis vəziyyətdə qoyduğuna görə cəza gözləyirmi?
- Fasilədə Ninkoviçin özünə bildirmişdim ki, bir qədər ehtiyatlı oynasın. Lakin ikinci sarı vərəqəni aldı. Düşünmürəm ki, orada o qədər də kobud oyun var idi. Bununla belə, referi Rəşad Əhmədovun qərarına hörmətlə yanaşıram.
- Komanda son 8 oyunda 1 qələbə qazanır, futbolçularda xarakter çatışmır, yersiz qırmızı vərəqə alırlar, çox sadə səhvlərdən qollar buraxırsınız, amma oyunçuları çox rahatca müdafiə edirsiniz. Düşünmürsünüz ki, bu, düzgün yol deyil?
- Deməzdim ki, rahatam. Bununla bağlı müəyyən işlər görürük. Amma ilk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu, belə demək olarsa, sındırdı.
















































































