"Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçının ardından mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis sualları cavablandırmamışdan əvvəl oyunu dəyərləndirib:
- Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbə onlara həsr olunur. Zatən onlarla futbol gözəldir. Xüsusən, bir qazi azarkeşimiz Kərimin övladı dünyaya gəlib. Bu münasibətlə onu təbrik edirəm. Allah dövlətimizi qorusun. Oyun mənim üçün çox maraqlı alındı. Bəlkə də o oyunlardan idi ki, nə istədiksə, gerçəkləşdi. İstədiyimiz qolları vurduq, rəqibin bizə qarşı edə biləcəyi maksimum çətinlikləri aradan qaldırdıq. Futbolçuları təbrik edirəm. Önümüzə baxacağıq.
- Bugünkü oyunda futbolçularınıza bu qədər güc və enerji haradan gəlmişdi?
- Ötən tur "Sabah"la qarşılaşmada xal son dəqiqələrdə xalı əldən vermişdik. Bəlkə də motivasiya oradan qaynaqlanmışdı. Çünki bu həftə ərzində həmin motivasiyanı saxlamışdıq. Məncə, bu gün futbolçularımız daha məsuliyyətli və o məsuliyyətin ağırlığını hiss edərək, meydançaya çıxmışdılar.
- Ryonosuke Ohoriyə deyəsən göz dərmanları yaxşı təsir edib...
- Doğrudan da yaxşı təsir edib. Bu dəfə Bakıya gedəndə Ohorini həkimə şəxsən özüm aparmışdım. Bunu deyirəm ki, biləsiniz. Mən sözümü elə-belə demirəm, sözümün ağasıyam. Kim istəsə, "Neftçi" ilə qarşılaşmadan 4-5 gün əvvəlki həkim təlimatlarını göstərə bilərəm.
- Camal Cəfərov ötən tur keçmiş klubu "Sabah"a qarşı oynamamışdı. Bu gün isə matçın sonlarında meydançaya daxil oldu. Bu, nə ilə əlaqədar idi?
- Camal komandaya yeni qoşulub. Bu gün hər bir oyunçunu meydançaya buraxıb-itirmək istəmirik. Hələ tam hazır olmadığına görə start heyətində deyildi. Qarşıda "Sabah"la yenə oyunumuz var. Həmin görüşdə meydançada olacaq.
- Komandanız Premyer Liqada qalmağı böyük ölçüdə təmin edib. Qarşıdakı turlarda hədəfi dəyişməyiniz mümkündür?
- Rəhbərlik futbolçulara yaxşı motivasiya verir. Biz də oyunlara maksimum konsentrasiya ilə çıxırıq. "Turan Tovuz"la Azərbaycan Kubokunun ilk 1/4 final matçına çoxlu yerli futbolçu buraxmışdıq. Ona görə də hamıya elə gəlmişdi ki, biz kubokda mübarizə aparmaq istəmirik. Amma göstərdiyimiz oyun tam əksi idi. Həm çempionatda, həm də kubokda bacardıqca irəli getmək istəyirik.
- Bu tur intriqalı "Qarabağ" - "Sabah" oyunu var. Sizin qarşılaşma barədə fikriniz necədir?
- Mən bu oyunun intriqalı tərəfini fikirləşməmişdim. Amma deməliyəm ki, bizim də "Sabah"a qarşı oyunumuz maraqlı, intriqalı alındı. Sonuncu dəqiqələrdə qol vuruldu. Azərbaycan Premyer Liqasında hər bir komandanın iştirakı ilə keçirilən oyunlar çempionatın sonuna doğru getdikcə daha maraqlı alınır. Əlbəttə, "Qarabağ" - "Sabah" matçı mənim üçün adi oyunlardan biridir. Düzdür, ilk pillə uğrunda gedən mübarizədir. Amma biz sadəcə, izləyərək, öz analizlərimizi aparacağıq.















































































