“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransı keçirib.
Portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırmamışdan əvvəl görüş barədə fikirlərini bölüşüb:
- Çox mübarizəli oyun getdi. Bilirdik ki, "Şamaxı" uzun ötürmələrə üstünlük verir, buna hazır idik. Oyun çox sərt keçdi. Son 30 dəqiqədə biz daha çox hücuma keçdik ki, qol vuraq. Şanslarımız var idi. Amma dəyərləndirə bilmədik. "Şamaxı" yenə də çoxlu qayda pozuntusuna yol verirdi. Baş hakim də buna imkan verirdi. Çünki çox hallarda onların çox sərt oynamasına imkan yaradırdı. Biz isə oyunun tempini yüksək tutmağa çalışırdıq. Lakin qayda pozuntuları öz təsirini göstərir, rəqib sürəti aşağı salırdı. Hakimlərdən bunun qarşısını daha effektiv alacağını gözləyirdik. Baş vermədi. Biz isə sonlara yaxın daha yaxşı oynadıq, epizodlarımız var idi. Heç-heçə oynadıq, pis nəticə deyil. Amma bu nəticə ilə razı deyilik, Şamaxıya qələbə üçün gəlmişdik.
- Sonuncu dəfə XII turda qələbə qazanmısınız, son dəfə qolu isə 5 tur əvvəl vurmusuz. Hansı planda komandanızdan razısınız?
- Digər komandalardan fərqli olaraq, bizdə hücumameyilli oyunçuların keyfiyyəti hardasa çatışmır. Son nöqtəni qoymaq baxımından belədir. Üstəlik, biz aşağı liqadan gəlmişik və 22 xal yığa bilmişik. Bu da yaxşı nəticədir. Sonuncu pillədən 2 pillə yuxarıdayıq. Limitli komanda olsaq da, yaxşı oyun göstəririk. Güclü komanda oyunu göstərərək, bu cür nəticələr qazanırıq. Hər oyunda komandamdan razıyam. Çünki bütün futbolçular 100 faizini verir, mübarizə aparır. Sizin sualınızı da başa düşürəm, qalib gələ bilmirik, qol vura bilmirik. Amma mövqeyimiz pis deyil. Komandamız sona qədər mübarizə aparır. Qalib gələ bilməsək də, uduzmuruq da. Hər bir komanda "İmişli" ilə görüşdə problem yaşayır.
- "İmişli" 11-ci pillədə qərarlaşan komandanı 6 xal qabaqlayır. Qarşıda isə çətin oyunlarınızın olduğunu nəzərə alsaq, xal fərqinin aradan qalxacağından narahat deyilsiniz?
- Əlbəttə, bu, bizi narahat edir. Məqsədimiz də odur ki, xal fərqi azalmasın. Başa düşürük ki, qarşımızda çətin rəqiblər var. Amma biz rəqiblərə əvvəllər də layiqli müqavimət göstərmişik.













































































