"Sabah"ın futbolçusu Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, almaniyalı hücumçunun yubileyi XXIII turun “Qəbələ” ilə ev matçına təsadüf edib.
Komandasının 7:1 hesablı qələbə qazandığı görüşdə o, dubla imza ataraq, qol sayını 50-yə çatdırıb.
Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.
32 yaşlı forvard turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Mikelsə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
Təcrübəli futbolçu 2021/2022 mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.












































































