Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Beşiktaş” – “Qalatasaray” derbisində baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, derbidə qırmızı vərəqə alan “Qalatasaray”ın futbolçusu Leroy Sane 2 rəsmi oyundan kənarlaşdırılıb.
Almaniyalı yarımmüdafiəçi “sarı-qırmızılar”ın Türkiyə Superliqasının 26 və 27-ci turlarında meydana çıxa bilməyəcək.
PFDK həmçinin hər iki klubu böyük məbləğdə cərimələyib. “Beşiktaş” azarkeşlərin səbəb olduğu nalayiq və təhqiramiz şüarlar, eləcə də stadiondakı insidentlərə görə ümumilikdə 3 milyon 460 min TL (təqribən 133 min manat) məbləğində cərimə olunub. Bundan əlavə, həmin qarşılaşmada nalayiq şüarlar səsləndirilən tribunaların müəyyən sektorlarında yerləşən azarkeşlərin elektron bilet kartları bloklanıb və onların növbəti ev oyununa girişinə qadağa qoyulub.
Matçda baş verən hadisələrə görə “Beşiktaş” rəsmisi Serkan Reçber də cəzalandırılıb. O, hakimlərə qarşı qeyri-idman davranışına görə 45 gün müddətinə futboldan kənarlaşdırılıb və 300 min TL (11 min 550 manat) cərimə olunub.
“Qalatasaray” da azarkeşlərin nalayiq davranışı və meydandakı hadisələrə görə cərimədən yayınmayıb. İstanbul klubu ümumilikdə 1 milyon 412 min TL (54 min 320 manat) məbləğində maliyyə sanksiyası ilə üzləşib.
Belə ki, “Qalatasaray” azarkeşlərinin səbəb olduğu nalayiq və təhqiramiz şüarlara görə və bu halın cari mövsümdə səfər oyunlarında 10-cu dəfə təkrarlanması səbəbilə klub 1 milyon 120 min TL (43 min 87 manat) cərimələnib. Həmçinin qonaq tribunalarının 404, 405 və 406 nömrəli bloklarında yerləşən azarkeşlərin elektron bilet kartları bloklanıb və onların növbəti səfər oyununa girişləri qadağan edilib.
Bundan başqa, azarkeşlərin səbəb olduğu meydan hadisələrinə görə klub əlavə olaraq 220 min TL (8 min 463 manat) cərimə olunub.
“Qalatasaray” komandasının kollektiv şəkildə qeyri-idman davranışına görə isə daha 72 min TL (2 min 770 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, martın 7-də keçirilmiş görüş "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb - 1:0.











































































