İngiltərə Premyer Liqasında çıxış etmiş sabiq futbolçu ilə bağlı qalmaqallı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, Nil Klement İspaniyada narkotik maddələrin alınmasında şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
47 yaşlı keçmiş müdafiəçi Marbelya ilə Fuenxirolya arasında yerləşən "Riviera del Sol" ticarət mərkəzində tutulub.
Axtarış zamanı onun üzərindən və yaşadığı evdən müxtəlif növ narkotik maddələr, eləcə də nağd pul aşkarlanıb. Hüquq-mühafizə orqanlarının 1 kq-dan artıq qadağan olunmuş maddə müsadirə etdiklərini bildirilir.
"Çelsi"də də çıxış etmiş Klement uzun illər “Vest Bromviç”in formasını geyinib. O, 2000 – 2010-cu illərdə bu komandada 295 oyuna çıxaraq 24 qol vurub.
Saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılan sabiq futbolçu istintaq dövrü üçün girov qarşılığında azadlığa buraxılıb.
Bildirilir ki, əməliyyat yerli sakinlərin şübhəli fəaliyyətlə bağlı şikayətlərindən sonra həyata keçirilib.












































































