"Çox vacib oyunda məğlub olduq".
Bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski evdə "Sabah"a 0:1 hesablı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib.
Polşalı qolkiper bu məğlubiyyətin əvəzini Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə çıxacaqlarına ümid etdiyini bildirib: "Finala yüksəlmək üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, son sözümüzü kubok mübarizəsində deyəcəyik".
Koxalski komandada qalma ehtimalını da dəyərləndirib: "Ehtimal yarıbayarıdır. Ya qalacağam, ya da gedəcəyəm".
Qeyd edək ki, "Sabah" və "Qarabağ" arasındakı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü aprelin 22-də "Bank Respublika Arena"da keçiriləcək. İlk matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.














































































