Azərbaycan Premyer Liqasının XXVIII turunda “İmişli”nin yarımmüdafiəçisi Vüsal Qənbərov “Kəpəz” üzərində qazanılan qələbədən sonra Sportnet.az-a danışıb.
— Ardıcıl ikinci qələbənizi qazandınız. Oyunu necə dəyərləndirirsiniz?
— Artıq iki oyundur qələbə qazanırıq. Bu matçda da vaxtında qol vurduq və nəticəni qoruyub saxlaya bildik. Düzdür, daha çox qol vura bilərdik, bəzi epizodlardan istifadə edə bilmədik. Ümumilikdə isə düşünürəm ki, yaxşı oyun sərgilədik.
— “Kəpəz”lə əvvəlki oyunda ağır zədə almışdınız. Yenidən eyni rəqibə qarşı meydana qayıtdınız. Özünüzü necə hiss edirsiniz?
— Şükürlər olsun, indi yaxşıyam. Demək olar ki, tam bərpa olunmuşam, artıq ağrılarım yoxdur. Hətta gözləniləndən daha tez qayıtdım. Mənə deyilmişdi ki, mövsümü bağlamışam, amma çox şükür, hər şey yaxşı oldu.
— Bu qələbə ilə sonuncu pillədə qalacağınız dəqiqləşdi. Bu vəziyyət növbəti oyunlarda daha rahat çıxış etməyə imkan yarada bilərmi?
— İnanıram ki, bundan sonrakı oyunlarda daha rahat olacağıq. Çünki üzərimizdə ciddi təzyiq olmayacaq. Ümid edirəm ki, daha təmkinli çıxış edib, xal toplamağa davam edəcəyik.
















































































