İtaliyanın “Napoli” klubu hazırda Fransa PSJ-sində çıxış edən Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyanın qardaşı Tornike Kvaratsxeliya ilə maraqlanır.
Sportnet.az xəbər verir ki, bu barədə İtaliyanın “calcionapoli24.it” nəşri məlumat yayıb.
2010-cu il təvəllüdlü Tornike artıq Gürcüstanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edir. Qardaşı kimi, sol cinahda oynayan gənc futbolçu sürəti, texnikası, driblinqi və partlayıcı hərəkətləri ilə seçilir. Skautların rəyinə görə, o, Avropanın perspektivli gənc istedadlarından biri hesab olunur.
Məlumata əsasən, “Napoli”nin idman direktoru Covanni Manna futbolçunu bir müddətdir izləyir və onun inkişafını yaxından nəzarətdə saxlayır.
Bununla belə, transferin reallaşmasına Tornikenin yaşı mane ola bilər. FIFA qaydalarına əsasən, azyaşlı oyunçuların beynəlxalq transferləri ciddi şəkildə məhdudlaşdırılır. Bu səbəbdən, 16 yaşlı futbolçunun “Napoli”yə mümkün keçidi hələlik perspektiv səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, Tornike Kvaratsxeliya hazırda "Dinamo Tbilisi" komandasının üzvüdür və Gürcüstanın U-17 millisində çıxış edir.
















































































