Rusiya Premyer Liqasında mübarizə aparan MOİK baş məşqçi Fabio Çelestini ilə yollarını ayırıb.
Sportnet.az Moskva klubunun rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
Çelestini ilə yanaşı, onun məşqçilər korpusunda yer alan Manel Eksposito, Xose Blesa, Xavyer Noyya, Qabriele Baqattini və Paolo Favaretto da komandadan ayrılıb.
Azərbaycan millisinin sabiq qolkiperi Dmitri Kramarenko isə qalaraq, qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvvəllər klubun gənclər komandasına rəhbərlik etmiş və bir neçə ay əvvəl əsas kollektivə qoşulmuş Yevgeni İqdasimova tapşırılıb.
Qeyd edək ki, MOİK Rusiya Premyer Liqasında 28 turdan sonra 45 xalla 6-cı pillədə qərarlaşıb. Komanda son 5 oyunda qələbə qazana bilməyib və 3 heç-heçə, 2 məğlubiyyətlə kifayətlənib.














































































