"Kəpəz"in kapitanı Əli Səmədovun "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
- “Sabah” üzərində qazanılan qələbəni necə dəyərləndirirsiniz?
- İlk növbədə “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Hazırda Premyer Liqanın ən stabil və formada olan komandasıdır. Buna görə də oyuna ikiqat motivasiya ilə hazırlaşmışdıq və meydana yalnız qələbə üçün çıxmışdıq. Mövcud vəziyyətdə hər xal bizim üçün çox önəmlidir. Məqsədimiz elitada qalmaq və pley-offdan uzaq olmaqdır. Buna görə də bütün gücümüzü ortaya qoyduq və qalib gəlmək istədik. Şükür ki, istəyimizə çatdıq. Ümumiyyətlə, “Sabah”a qarşı oyunlarımız yaxşı alınır. Daha əvvəl də bu stadionda son dəqiqələrdə buraxdığımız qolla məğlub olmuşduq. Sevindirici haldır ki, bu dəfə həmin ssenari təkrarlanmadı və 3 xalı qazandıq.
- Demək olar ki, hər il elitada qalmaq uğrunda mübarizə aparırsınız...
- Premyer Liqada hər il aşağı pillələr uğrunda mübarizə aparmaq “Kəpəz” kimi klubun adına yaraşmır. Ümid edirəm ki, gələn mövsümdən hər şey dəyişəcək və komanda daha yuxarı pillələr uğrunda yarışacaq. Amma hazırkı reallıq budur və bunu qəbul etməliyik.
- Mövsüm ərzində komanda hansı çətinliklərlə üzləşdi?
- Mövsümə yaxşı başlamasaq da, sonradan vəziyyəti toparlaya bildik. Amma “Sumqayıt”la oyuna qədər ardıcıl 4 məğlubiyyət komandaya ciddi psixoloji təzyiq yaratmışdı. Hər məğlubiyyətdən sonra bu yük daha da artırdı. Ötən turdakı qələbə həm motivasiyamızı yüksəltdi, həm də bugünkü uğurun əsas səbəblərindən biri oldu. Hazırda ən yaxın izləyicimiz “Qəbələ” ilə aramızda 7 xal fərqi var. Düşünürəm ki, bu qələbə ilə çox vacib addım atdıq.
- Qarşıdakı oyunlardan gözləntiniz nədir?
- Mövsümün bitməsinə az vaxt qalıb. Qarşıdakı iki turda “Araz-Naxçıvan” və “Neftçi” ilə qarşılaşacağıq. Hər iki rəqib çox güclüdür. Buna baxmayaraq, xal ehtiyatımızı artırmağa çalışacağıq. Üst pillələrdə qərarlaşan komandalarla oyunlar bizə əlavə motivasiya verir. Amma etiraf etməliyik ki, bu mövsüm turnir cədvəlində bizə yaxın olan rəqiblərlə matçlarda bəzən lazım olan ciddiyyəti göstərə bilmədik. Bu da toparlanmağımızı bir qədər gecikdirdi.
- Komandanın əsas üstünlüyünü nədə görürsünüz?
- Ən böyük üstünlüyümüz kollektiv daxilində ailə ab-havasının və birliyin olmasıdır. Ola bilər ki, fərdi keyfiyyət baxımından bəzi klublardan geri qalaq, amma komanda ruhu baxımından belə düşünmürəm. Məhz bunun nəticəsində yaxşı mövsüm keçirdik və qarşımıza qoyulan minimum hədəfə çatdıq. Kapitan kimi həm meydanda, həm də meydandan kənarda üzərimə düşən məsuliyyəti yerinə yetirməyə çalışıram. Məşqçilər heyəti və rəhbərliklə birlikdə komandanın toparlanması üçün əlimdən gələni edirəm. Oynayıb-oynamamağımın fərqi yoxdur. Mən özüm də gəncəliyəm. Əsas odur ki, komandam uğurlu nəticələr qazansın. Bu mənə kifayətdir.
Haşım MƏMMƏD
















































































