"Gəncə futbol şəhəridir. Burda insanlar futbolu çox sevirlər, ona görə kimisə futbol səsləmək lazım deyil, hamı eşidib, bilib oyuna gələcək”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gəncə təmsilçisinin çempionatda "Zirə”yə qarşı keçirəcəyi ilk ev oyunu haqda fikirlərini bölüşən Allahverdiyev avqustun 16-da Gəncənin bayram ab-havasında olacağını bildirib: "Artıq indidən bu atmosfer şəhərimizdə şəhərimizdə hiss olunmaqdadır. Hamı səbrsizliklə qarşıdakı oyunu gözləyir”.
Allahverdiyev azarkeşlərə müraciət etməyi də unutmayıb. O, fanatları pirotexniki vasitələrdən uzaq durmağa çağırıb: "Azarkeşlərə bütün dəstəyə görə təşəkkürümü bildirirəm. Onlardan xahişimiz odur ki, stadionda oyun vaxtı əlavə şeylər etməsinlər, yandırıcı maddələrdən uzaq olsunlar. Klubun cərimələnməsinə, cəzalanmasına səbəb ola biləcək hərəkətlər etmək lazım deyil. Düzdür, fanatlarımız komandanı çılğıncasına dəstəkləyirlər və onları başa düşürük. Amma bir şeyə qadağa varsa, gərək baş verməsin. Biz "Kəpəz”in azarkeş mədəniyyətini hamıya bir daha göstərməliyik”.
İcraçı direktor "Zirə” ilə oyundan gözlədiyi nəticə haqda da danışıb: "İnanırıq ki, komandamız ilk ev oyununda həm də ilk qələbəsini qazanacaq. Hamı stadiona "Kəpəz”in qələbəsinə şahidlik etmək üçün gələcək. Futbolçularımıza, məşqçilər korpusuna uğurlar arzulayıram”.
Qeyd edək ki, avqustun 16-da Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Zirə" matçı saat 18:30-da başlanacaqş