
"Mənə doğma olan "Kəpəz"i 1 xal münasibətilə təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Gəncəyə böyük futbolun yenidən qayıdışı münasibətilə yerli azarkeşləri təbrik edən 38 yaşlı mütəxəssis onu doğum münasibətilə təbrik edən "Kəpəz"ə minnətdarlığını bildirib.
Şükürov uduzmamaq və 3 xal üçün çalışdıqlarını və bərabərlik qolunu rəqibin hücumlara atılmasından yararlanaraq vurduqlarını diqqətə çatdırıb: "Hər bir oyunda taktiki gedişlər olur. Bilirdik ki, "Kəpəz" oyun ərzində irəliyə atılacaq. Belə də oldu. Nəticədə qol vurduq. Məncə, hesab oyuna görə oldu".
Baş məşqçi oyunun sonlarında yaranan insidentə də münasibət bildirib. O deyib ki, futbolçular arasında belə münaqişələrin olması adi haldır: "Bunlara çox əhəmiyyət vermək, ciddiyə almaq lazım deyil".
"Zirə"nin hədəflərini açıqlayan Şükürov əsas məqsədlərinin Premyer Liqada qalmaqdan ibarət olduğunu söyləyib: "Komandamızda çatışmazlıqlar var. Çalışırıq ki, aradan qaldıraq. Az da olsa, azarkeşlərimiz gəlmişdi. Onlara da təşəkkür edirəm".
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.