"Yuventus" klubunda çıxış edən İtaliya milli komandasının futbolçusu Klaudio Markizio Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçını buraxmalı olacaq. Sportnet.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, səbəb 29 yaşlı yarımmüdafiəçinin 30 günədək sıradan çıxmasıdır.
Markizio İtaliya A seriyasının III turunda "Kyevo" ilə görüş zamanı sağ baldır əzələlərində ağrılar hiss edib. Nəticədə o, fasilədə əvəzlənməsini xahiş edib. Tibbi müayinə nəticəsində təcrübəli oyunçunun uzun gətirici əzələsində xəsarət aşkarlanıb. Futbolçu A seriyasında növbəti oyunlardan əlavə, Çempionlar Liqasının ilk turunda İngiltərənin "Mançester Siti" komandası ilə səfər matçını və oktyabrın 10-da Bakıda Azərbaycan millisi, bundan 3 gün sonra isə evdə Norveç yığması ilə AVRO-2016-nın seçmə qrup qarşılaşmalarını buraxmalı olacaq.
Qeyd edək ki, Klaudio Markizio bu mövsüm A seriyasında cəmi 1 oyuna çıxıb. İtaliya yığmasının heyətində isə o, 2014-cü il oktyabrın 10-da Palermoda keçirilmiş görüşdə Azərbaycan milllisinə qarşı 90 dəqiqə mübarizə aparıb. Həmin matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İki ölkə millisi arasında növbəti görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlanacaq.