
"Henrik Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı qərar verilib. Qərar belədir və biz buna hörmətlə yanaşırıq". Sportnet.az-ın məlumatına görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Yonas Hofmann deyib.
Dortmund təmsilçisinin yarımmüdafiəçisi sözlərinə belə davam edib: "Bu qərar klub tərəfindən birlikdə qəbul olunub. İki ölkə arasındakı konflikti nəzərə alaraq, belə qərara gəlindi ki, o ölkədə qalsın və Bundesliqa oyununa hazırlaşsın. Baxmayaraq ki, "Qəbələ" güclü rəqibdir".
Daha sonra 23 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib komandayla bağlı nə deyə bilərsən?
- Öz çempionatında ikinci yerdədir və Avropa Liqasında ikinci pillədədir. Bu oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, topa nəzarət edək və aqressiv oyun oynayaq.
- "Qəbələ" ilə oyunda qələbə komandaya nə qədər xeyir verəcək?
- Bu oyunda 3 xal üçün meydana çıxacağıq ki, lazımlı nəticəni əldə edək. Baxmayaraq ki, ilk 20-30 dəqiqədə çətinlik çəkirik. Amma istədiyimiz oyunu nümayiş etdirməyə çalışacağıq.
- Dünyanın istənilən yerində Dortmund azarkeşləri dəstək üçün yollanır. Bu haqda nə deyə bilərsən?
- Bu yaxşı haldır. Yunanıstanda da keçirilən oyunda bizə dəstək verirdilər və sabah da bizimlə olacaqlar. Bu da bizə əlavə motivasiya verir.
- Mxitaryanın çıxış etməməsi ilə bağlı ola bilsin start heyətində siz çıxasınız...
- "Borussiya" böyük klubdur. Ola bilər ki, həs meydana çıxmasın. Ancaq nə zaman mənə fürsət verilsə, əlimdən gəldiyi qədər kömək etməyə çalışıram. Şans veriləcəyi təqdirdə sabahkı oyunda da 3 xal üçün çalışacam.