
"Rəvan" I divizionda mübarizə aparacaq
Topaz Premyer Liqasının XXXVI turu çərçivəsində keçirilmiş oyunlardan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev affa.az saytına açıqlamasında mövsümü dəyərləndirib.
Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin şahidi olduqlarını deyən federasiya rəhbəri "Qarabağ”ı çempionluq münasibətilə təbrik edib və Ağdam komandasına Çempionlar Liqasında, "İnter", "Qəbələ" və "Neftçi"yə Avropa Liqasında uğurlar və qələbə sevinci arzulayıb.
Abdullayev bildirib ki, idman prinsiplərinə uyğun olaraq, bu il Premyer Liqanı sonuncu pillədə başa vurmuş "Rəvan” növbəti mövsüm mübarizəni I divizionda, müvafiq olaraq, I divizionun qalibi olmuş "Araz-Naxçıvan” isə yüksək liqada davam etdirəcək. O, hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıb.
Sonda AFFA prezidenti "Neftçi" və "Qəbələ" arasında mayın 22-də keçiriləcək Azərbaycan Kubokunun final matçından da danışıb: "Mövsümə bu oyunla yekun vurulacaq. İnanıram ki, azarkeşlər hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcək və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komanda kubok yarışının qalibi olacaq”.