"Yeni baş məşqçinin gəlişindən sonra "Neftçi" yüksəlişdədir". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.
23 yaşlı müdafiəçi bildirib ki, komandasının məğlubiyyəti gözlənilən idi: "Belə olacağını bilirdik. 3 oyundan bir çıxışlar bizə təsir edir. Səhvlərimiz çox oldu, onlar üzərində çalışacağıq".
Yunuszadə 7 ilədək formasını geyindiyi "Neftçi"yə qarşı hisslərini də bölüşüb: "Açığı meydançaya çıxanda ikili hisslər keçirdik. Açığı, "Neftçi" azarkeşlərindən özümə qarşı xoşagəlməz ifadələr gözləmirdim. Çünki azarkeşlərə qarşı hansısa hərəkət etməmişəm, fikir bildirməmişəm. Bu gün "Qarabağ"dayamsa, bu komandanın da uğurları üçün çalışmalıyam".
Qeyd edək ki, Elvin Yunuszadə "Neftçi" ilə matçı əvəzlənmədən keçirib. Əsgər Abdullayevin rəhbərliyi altında ikinci matçına çıxan flaqman 1:0 hesabı ilə qalib gəlib.