
"Qəbələ" və "Qarabağ" klublarının Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, komandalardan heç biri məğlubiyyətlə üzləşməyib.
"Qəbələ"nin Avroliqada son oyununu keçirəcəyi Rusiyanın "Krasnodar" klubu "Kuban"ın qonağı olub. Görüş baş məşqçi Oleq Kononovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların qollarını Vanderson (dəq. 71), Pavel Mamayev (dəq. 80) və Fyodor Smolov (dəq. 87) vurub. "Krasnodar" 18 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsindədir. C qrupundakı digər rəqiblərdən Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının XV turunda səfərdə "Volfsburq"a, Yunanıstan PAOK-u isə Super Liqanın XIII turunda "Panionios"a evdə qalib gəlib - 2:1. "Borussiya" Bundesliqada 35 xalla 2-ci, PAOK isə Super Liqada 22 xalla 3-cü pillədə qərarlaşıb.
Dekabrın 10-da "Qarabağ"ın qonaq olacağı Belçika "Anderlext"i isə XVIII turda səfərdə "Genk"lə qarşılaşıb. 90 dəqiqənin sonunda sevinən tərəf olmayıb - 0:0. "Anderlext" hazırda 33 xalla 4-cü pillədədir. J qrupundakı digər rəqiblərdən "Monako" Fransa I Liqasının oyununda "Bastiya"nı səfərdə məğlub edib - 2:1. "Knyazlıq klubu" 17 turdan sonra 28 xalla 4-cü pillədədir. İngiltərə "Tottenhem"i isə Premyer Liqanın son oyununda bir xalla kifayətlənib. "Vest Bromviç"lə səfər oyunu heç-heçə ilə yekunlaşıb - 1:1. London klubu 15 oyundan 26 xalla 4-cüdür.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsindəki son oyununda Bakıda "Krasnodar"la, "Qarabağ" isə Belçikada "Anderlext"lə qarşılaşacaq.