
"Yubiley qolunu vurmağım sevindirici haldır. Xüsusən, "Kəpəz"lə qarşılaşmada". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev "CBC Sport"a açıqlamasında deyib. 
25 yaşlı yarımmüdafiəçi bildirib ki, "Kəpəz"lə "Neftçi" arasındakı qarşılaşmalar tarixində 100-cü qolun müəllifi olması tarixi olaydır. Komandaya gec qoşulduğu üçün yaxşı formada olmadığını deyən İmamverdiyev Türkiyənin Antalya bölgəsində keçirəcəkləri qış toplanışından sonra gücünü bərpa edəcəyinə inam ifadə edib. 
Oyuna gəlincə, o, meydanın vəziyyətinin özlərini daha yaxşı tərəfdən göstərmələrinə mane olduğunu söyləyib. İmamverdiyev belə gərgin matçlarda futbolçulara qırmızı vərəqə göstərilməsini normal hal sayıb. Futbolçu baş hakim Ömər Paşayevin işinə özünün yox, hakim-inspektorun qiymət verməsini daha düzgün sayıb. 
Qeyd edək ki, Cavid İmamverdiyevin 47-ci dəqiqədəki qolu sayəsində "Neftçi" matçın nəticəsini müəyyənləşdirib - 1:1. Bu matçda qonaqlardan Aylton Silva 50-ci, Tural Nərimanov 51-ci dəqiqədə qırmızı vərəqə alıb.









                 





    
    
    
    
    
    
    
    
    


























































