FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası və Avroliqa oyunlarında
UEFA-nın tətbiq edəcəyi spreylə bağlı fikirlərini bildirib. Gənc hakim
Sportnet.az-a verdiyi açıqlamada bu praktikaya artıq əl atdığını dilə gətirib.
Ağayev spreydən Maltada keçirilən gənclər arasında Avropa
çempionatında istifadə etdiyini söyləyib: "Bu qərarı alqışlayıram. Çünki hesab
edirəm ki, bu, baş verəcəyi halda işimiz xeyli yüngülləşəcək. Artıq söz-söhbətə
yer qalmayacaq. Çünki məsafə baxımından nə canlı sədd quran tərəf, nə cərimə
zərbəsini yerinə yetirən komandanın təmsilçiləri hakimlərə irad bildirə
bilməyəcək".
Gənc FİFA referisi Çempionlar Liqasının II təsnifat mərhələsinin
təkrar oyunu çərçivəsində Qazaxıstanda "Aktobe” ilə Gürcüstanın Dinamo (Tiflis)
kollektivlərinin oyununu idarə edəcək. Həmin görüşdə spreydən istifadə
edib-etməyəcəyi ilə bağlı isə o, bunları söyləyib: "Bu barədə bizə hələ heç bir
məlumat verilməyib. Ehtimal edirəm ki, həmin qaydalar qrup mərhələsindən
qüvvəyə minəcək. Eyni zamanda onu da bildirim ki, xəbər bu gün yayıldığına
görə, nə AFFA-dan, nə də UEFA-dan hər hansı bir təlimat almamışam”.
Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi "Aktobe”- "Dinamo” oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.