
"Zirə” klubu Türkiyənin Antaliya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, "qartallar" Almaniyanın Regional liqası təmsilçisi "Optik”lə qarşılaşıb.
Oyundan öncə "Zirə" 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirib. Üzərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərin təsvir olunduğu şəkillər və faciə haqqında yazılı məlumatların yer aldığı kağızlar üç dildə hazırlanaraq, hər iki komandaya paylanıb. Azərbaycan klubunun futbolçuları meydana qara sarğı ilə çıxıblar və oyundan öncə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla anılıb.
Matça gəlincə, "Zirə” meydana Anar Nəzirov, Sadiq Quliyev, Vüsal İsgəndərli, Yovan Krneta, Aleksandr Şemonayev, Tellur Mütəllimov, Dieqo Souza, Vüqar Mustafayev, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzovla çıxıb. Qarşılaşmanın əvvəllərindən "qartallar” üstünlüyü ələ alıblar. Təşkil olunan hücumlar zamanı bir neçə dəfə hesabı açmaq imkanı yaranıb. Amma hissənin əvvəllərində Dieqo Souza zədələnərək meydanı tərk edib. Onun yerinə isə Tato oyuna daxil olub.
Qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra baş məşqçi Adil Şükürov meydana Kamal Bayramov, Adil Nağıyev, Ruslan Poladov, Nicat Qurbanov, Tərzin Cahangirov və Nelson Bonillanı buraxıb. Fasilədən sonra da üstünlük "Zirə”nin tərəfində olub. Ancaq çox keçməmiş rəqib oyun ərzində yaratdığı yeganə təhlükəli vəziyyətdən istifadə edərək hesabı açıb. Bundan sonra da təşəbbüs "qartallar”da olub. Amma real qol vəziyyətlərindən yararlanmaq mümkün olmayıb. Nəticədə "Optik" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Zirə” toplanış çərçivəsindəki ilk matçında Qazaxıstan "Ordabaşı"sına böyük hesabla uduzub - 1:4. Növbəti oyun yanvarın 22-də Rumıniyanın "Tırqu-Mureş” klubuna qarşı olacaq.