"Hər oyuna ən yaxşılardan biri olmaq üçün çıxıram. Amma bunu son turda bacardım, qol vurdum və qol ötürməsi verdim. Bu, mənim üçün bir ilk idi. "Kəpəz”də qol hesabımı açdım, buna görə sevincliyəm. Davamını gətirməyə çalışacağam". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Budaq Nəsirov klub saytına açıqlamasında deyib.
Azərbaycan Premyer Liqasının XX turunda AZAL-la ev oyununda "Kəpəz"də qol hesabını açan futbolçu bunları bildirib: "Karyeram ərzində bir oyunda iki qol və ötürmə də vermişəm. U-17 və U-19 liqalarında, həmçinin aşağı yaş qrupları üzrə yığmalarda da belə oyunlarım olub. Ancaq ilk dəfə idi ki, peşəkar klubda bu cür fərqlənirdim. "Qəbələ" üzərindəki qələbədən sonra hamılıqla AZAL-la qarşılaşmada da üç xal qazanmağa çalışacağımızı söylədik. Bakı təmsilçisi ilə görüşə ciddi hazırlaşdığımızdan bizim üçün gözlədiyimiz qədər çətin olmadı. O ki, qaldı Ebahın fərqlənməyinə, o, yüksək səviyyəli hücumçudur. Bu cür qolları vurmağı bacarır. Yadınızdadırsa, "Rəvan”a vurduğu qol da yaxşı alınmışdı. Baş məşqçimiz Şahin Diniyev də yaxşı bilir komandaya necə hücumçu gətirmək lazımdır. Fərqlənən futbolçuya kimin ötürməsi verməsi, ümumiyyətlə, qolu kimin vurmasının əhəmiyyəti yoxdur. Əsas olan qələbə qazanmaqdır. AZAL-a vurduğum qoldan sonra qolun sevincini yaşayarkən Ebahla diziüstə birlikdə əlimizi göyə qaldırmağımız Allaha dua etməyimizlə bağlı idi. Ebah inanclı futbolçudur. Mən Gəncə klubunun heyətində ilk qolumu vurduğumuz üçün Allaha şükür etdim”.