Azərbaycan Premyer Liqasında ötən tur olduğu kimi, növbəti tur da 3 gün ərzində keçiriləcək. Sportnet.az-ın məlumatına görə, ancaq bu dəfə mübarizəyə cümə yox, şənbə günü start veriləcək.
XXI turda əyalətdəki hər 2 matç həftənin son günü olacaq. Bir neçə il öncəyə qayıtsaq, turun mərkəzi oyunu sözsüz ki, "Neftçi” – "Xəzər Lənkəran” matçı sayılacaqdı. Bu görüş nəinki turun, mövsümün əsas oyunlarından sayılır. Bütün futbolsevərlər 2004-cü ildən keçirilən, "Böyük oyun” adlandırılan bu prinsipial derbini səbirsizliklə gözləyirdi. Ancaq indi vəziyyət tam fərqlidir. "Neftçi”lə "Xəzər Lənkəran” bir vaxtlar çempionluq uğrunda mübarizə aparır, turnir cədvəlinin ilk pillələrində idilərsə, hazırda mənzərə başqadır. "Xəzər Lənkəran” autsayder kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. "Neftçi” isə turnir cədvəlin 6-cı pilləsindədir və ən yaxşı halda Avropa Liqasına düşməyə can atır. Hər halda, lider "Qarabağ”la aralarındakı 13 xal fərqi böyükdür. Üstəlik, "Neftçi” cari mövsümdə qeyri-sabit çıxış edir. Son pillənin sahibi olan "Rəvan”la ötən tur evdə 1:1 hesablı bərabərlik, məğlubiyyətdən son dəqiqələrdə qaçmaq buna sübutdur.
İş elə gətirdi ki, "Neftçi” qış fasiləsindən sonra ardıcıl 3-cü ev oyununu evdə keçirəcək. Komandanın baş məşqçisi Əsgər Abdullayev üçün "Xəzər Lənkəran” xüsusi rəqibdir. Axı "Neftçi” Lənkəranda, "Fırtınalar meydanı”nda ilk qələbəsini 9 il gözləyərək məhz Abdullayevlə qazandı. Özü də bu, Abdullayevin "Neftçi”də debüt matçı idi. Təcrbüəli mütəxəssis bu dəfə kiçmiş komanda yoldaşı, elə "Neftçi”də uzun illər birgə oynadığı Yunis Hüseynovla yox, gənc həmkarı Elbrus Məmmədovla görüşəcək.
"Böyük oyun” kölgədə qaldığı bir vaxtda turun mərkəzi oyunu Gəncədə keçiriləcək. "Neftçi” ilə "Xəzər Lənkəran”in rəqabəti 2000-ci illərdə böyük maraq doğururdusa, "Kəpəz”lə "Qarabağ”la duelləri 90-cı illərdə diqqət mərkəzində idi. Həmin vaxt əyalət təmsilçiləri çempionluq, mükafatlar uğrunda rəqib idilər. "Kəpəz” XXI əsrdə hələ ki Avropa səhnəsinə çıxmayıb və bu il həmin həsrətə son qoymağa yaxındır. Şahin Diniyevin yetirmələri qış fasiləsindən sonra inamlı çıxışları ilə diqqət çəkir. Təsadüfi deyil ki, "Kəpəz” hər 2 oyunda nəinki qalib gəlib, qol da buraxmayıb. İlə məğlubiyyətlə başlayan "Qarabağ” bu göstəriciyə malik deyil. Qış fasiləsindən sonra 3-cü oyununu da evdə keçirəcək "Kəpəz” bu dəfə daha çətin sınaq qarşısında olacaq. Gəncəlilər liderə də qalib gələrsə, həm onunla xal fərqini bir qədər də azaldacaq, həm də avrokuboklar yolunda böyük addım atacaq. Matç "Kəpəz”ın qış fasiləsindən sonra icarəyə götürdüyü gənc hücumçu Namiq Ələsgərov üçün xüsusi önəm daşıyacaq. Axı millimizin üzvü müqavilə ilə məhz "Qarabağ”a məxsusdur və ağır zədədən sonra keçmiş komandasına özünü göstərmək imkanına malikdir.
"Qəbələ” bu il evdə ilk oyununu "Sumqayıt”a qarşı keçirəcək. Roman Qriqorçukun komandası çempionatda Qəbələdə son qələbəsini 4 ay öncə qazanıb. Bu, 7-ci tur çərçivəsində oktyabrın 4-də "Xəzər Lənkəran” üzərində 6:0 hesablı məşhur qələbədir. "Qırmızı-qaralar” bundan sonra öz meydanında yalnız ölkə kubokunda I divizion təmsilçisi "Mil-Muğan”a qalib gələ bilib – 7:0. "Qəbələ” evdə qələbəsizlik sindromunu münasib rəqiblə oyunda qırmaq imkanına malikdir. Hər halda "Sumqayıt” "Qəbələ” üzərində yeganə qələbəsini 3,5 il öncə, özü də evdə qazanıb. Yəni, sumqayıtlılar Qələbədə qələbəyə həsrətdir.
Turun digər 2 oyunu Bakı derbisi olacaq. Bunlar paytaxtın uzaq qəsəbələrində - Şüvəlanda və Zirədə keçiriləcək. AZAL bu il hər 2 oyununu uduzan "İnter”i qonaq edəcək. "Təyyarəçilər” bu mövsüm "bankirlər”ə nəinki qalib gələ, qol da vura bilməyib. Qış fasiləsindən sonra hər 2 oyunda qalib gələn, 2-ci pillədə yerini möhkəmlədən və liderlə xal fərqini azaldan "Zirə” isə son pillənin sahibi "Rəvan”ı qəbul edəcək. Maraqlıdır ki, qüvvələr nisbətində nə qədər böyük fərq olsa da, komandalar hərəyə 1 qələbə qazanıb. Yəni "Zirə”ni cari mövsümdə məğlub edən 3 rəqibindən biri məhz autsayder "Rəvan”dır.
13 fevral (şənbə)
14:30. AZAL – "İnter”
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "AZAL Arena”
17:00. "Neftçi” – "Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Bakcell Arena”
14 fevral (bazar)
15:00. "Kəpəz” – "Qarabağ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Gəncə. Şəhər stadionu
17:30. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu
15 fevral (bazar ertəsi)
18:30. "Zirə” – "Rəvan”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Murad Məmmədov
Zirə. Olimpiya Kompleksinin stadionu
Mehman SÜLEYMANOV