"AZAL üzərindəki qələbəni tezliklə unudub "Qarabağ”a qarşı matça hazırlaşmağa başladıq. Rəqib güclüdür, bunu yaxşı bilirik. Amma indi biz də yaxşı oynayırıq”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz”in futbolçusu Julien Ebah klubun rəsmi saytına açıqlamasında deyib.
Ebah Premyer Liqada hələlik 5 qol vurub. O, ilk iki dövrədə "Rəvan” və AZAL-la oyunlarda fərqlənib. Qış fasiləsindən sonra isə "Qəbələ”yə 2, AZAL-a isə daha 1 qol vurub: "Son iki oyunda 3 qol vurmuşam. Bu da normal qarşılanmalıdır. Çünki mən hücumçuyam, hesaba təsir etməliyəm. Hücumçular futbolu qol vurmaq üçün oynayır. Vurduğum qollarla "Kəpəz”in qələbəsinə töhvə verdiyim üçün şadam. Qol vurmaq komanda, özüm və azarkeşlər üçün vacibdir. Qolun baxımlı alınıb-alınmaması elə də önəmli deyil. Əsas olan topu tora daxil etməkdir”.
26 yaşlı forvard Gəncə azarkeşlərindən də danışıb: "Komandamız Azərbaycanın ən yaxşı azarkeşlərinə malikdir. Bizim qələbə qazanmağımızda onların dəstəyinin böyük payı var. Hər zaman bizi qələbəyə səsləyir, uğura kökləyirlər. Bir sözlə, xoşbəxtəm ki, komandamızın bu cür fanat ordusu var”.
Ebah Gəncə klubunda forma geyinməkdən məmnunluğunu da dilə gətirib: "Çox şadam ki, "Kəpəz”də çıxış edirəm. Mehriban kollektivimiz, təcrübəli baş məşqçimiz var. Şahin Diniyev bütün futbolçulara inanır, məsləhətləri ilə bizə yol göstərir. Hər zaman rəhbərliyin də dəstəyini hiss edirik. Mövsümün sonunda arzuladığımız nəticəyə çatmaq üçün səyimizi birləşdirmişik”.